Öz ana dilində daha yaxşı anlama, lüğət ehtiyatının zənginləşməsi. Çox zaman biz ana dilimizdə ünsiyyətdə olarkən onun qrammatik qaydalarına əməl etmirik. Lakin yeni dilə öyrənməyə başladıqda dilimizin hər bir xüsusiyyətini daha dərindən öyrənməyə başlayırıq.

Bütün ailə üçün məşğuliyyət. Ailədə heç olmasa bir nəfərin yeni dil öyrənməyə başlaması bütün ailənin bu prosesdə iştirak etməsi ilə nəticələnir. Bu isə ailədaxili münasibəti daha da möhkəmləndirir.

İdrakın yüksək inkişaf etməsi. Alimlər sübut etmişdir ki, iki və daha artıq dil bilən şəxsin beyni daha sürətli fəaliyyət göstərir.

Sürətli oxu bacarığı. Körpə yaşlardan xarici dil öyrənməyə başlayan uşağın söz ehtiyatı zənginləşdiyi üçün oxu zamanı o, bir dil bilən yaşıdlarını üstələyir.

Özgüvənin artması. Yeni sözlərin öyrənilməsi uşaqda təlimə böyük həvəs yaradır. Bu isə uşağın yeni kəşflərə açıq olmasına səbəb olur. Nəticədə, yeni biliklərlə zənginləşən körpədə özünə inam da formalaşıb inkişaf etməyə başlayır.

Beyin üçün məşq vasitəsidir. İki və daha artıq dil bilən uşaqların beyni daha sürətli fəaliyyət göstərdiyindən yaddaşın daha yaxşı inkişaf etməsi ilə nəticələnir.

Dil daşıyıcısı kimi səlis danışıq bacarığı. Uşaqlarda təqlid etmə yüksək olduğuna görə onlar sözlərin deyilişi zamanı demək olar ki, maneəyə rast gəlmirlər və sözü düzgün şəkildə tələffüz edirlər.

Geniş dünyagörüşü. Dil öyrənərkən uşaq nəinki söz ehtiyatını zənginləşdirir, həmçinin, öyrəndiyi dilin mədəniyyəti ilə də daha yaxından tanış olur. Bu isə uşağın hadisəyə öz nöqteyi-nəzərindən yanaşması və fikrini ifadə etmə bacarığının inkişaf etməsinə səbəb olur.