Uşağın ünsiyyət tələbatına psixi inkişafının ən əsas və hərəkətverici qüvvəsi olaraq baxmaq lazımdır. Ana, ata və uşaq üçbucağında ancaq uşaqlarını dinləyən, anlayan, sevgisini göstərə bilən valideynlər müvəffəqiyyətlə dialoq qura və problemlərini həll edə bilərlər. Uşaqlarıyla düzgün ünsiyyət qura bilməyən valideynlər çox hallarda uşaqların davranışlarını anlamaqda çətinlik çəkirlər. Belə hallarla qarşılaşdığınız zaman psixoloqlardan məsləhət ala bilərsiniz. Ailə içi ünsiyyətiniz nə qədər güclüdürsə, o qədər sağlam ünsiyyət qura bilən bir uşaq yetişdirə bilərsiniz. Uşaq valideynləri ilə necə ünsiyyət qurursa, həyatda da digər insanlarla elə ünsiyyət qurur. Əgər ata və ana buna əhəmiyyət göstərməzsə, onda həmin uşaqlar gələcəkdə sosiallaşmaqda, digər insanlarla ünsiyyət qurmaqda və özlərini ifadə etməkdə çətinlik çəkəcəklər. Uşağınızın yemək təlabatını ödədiyiniz kimi, onun duyğusal və ruhi dünyasını da qidalandırmağa çalışın. Uşaqlarınıza hörmət edərək, sevdiyinizi, əhəmiyyət verdiyinizi göstərərək inkşaflarına dəstək olun. Uşağınıza hörmət göstərmək uşağın öz güvəninin inkişafında çox vacibdir. Uşağınızın sözünü kəsmək məcburiyyətində qaldığınız zamanlarda “sözünü kəsirəm, mənə bir az icazə ver” kimi, ya da uşağınız siz danışarkən bir şey söyləməyə çalışdığında “bir az gözlə, bir azdan səni dinləyəcəyəm” kimi ifadələr işlədərək uşağı cavabsız qoymamaq və uşağa geri dönüş etmək ona hörmət duyulduğunu hiss etdirər. Ana və atalar uşaqlara hörmət göstərdikcə uşaq da zamanla digər insanlara hörmət göstərməyi və sağlam sərhədləri öyrənəcək.

Diqqət pozğunluğu və hiperaktiflik

Uşaqlarda hiperaktivlik yaşına və inkişafına uyğun olmayan diqqətsizlik, çox hərəkətlilik ilə özünü göstərən nevroloji bir pozuntu hesab olunur. Hiperaktivlik məktəbəqədər və məktəb dövründə olan uşaqlarda daha çox müşahidə olunur. Bu uşaqlarda diqqəti yönəltmə problemləri və iradəsiz hərəkətlilik yaşıdlarından daha çoxdur. Bəzilərində sadəcə diqqətsizlik, bəzilərində isə həddindən artıq və iradəsiz hərəkətlilik görülməkdədir. Ancaq bir çox uşaqlarda hər iki problem birlikdə ortaya çıxır. Bu problemlər uşağın həyatına mənfi təsir göstərir.

Diqqət əskikliyi və hiperaktivlik pozğunluğunun (DEHB) səbəbinin ana, ataların səhv və ya mənfi davranışlarının nəticəsi deyildir. Yəni, bu uşaqlar ana, ataları tərəfindən doğru yetişdirilməmiş, ərköyün və ya yaramaz uşaqlar deyil. Bu problemin meydana gəlməsində irsi, yəni genetik faktorların təsiri vardır. Bu uşaqlar, ümumiyyətlə, sosial əlaqələrin çətinliklər yaşayırlar. Əksərən, ana, ataları, yoldaşları və müəllimləri tərəfindən səhv anlaşılırlar. Gözlənilməz və balanssız kimi görünən davranışları ətraf-mühitdə gərginliyə səbəb olur. Uşağın ətrafındakılar bu davranışları, uşağın ərköyünlüyü, istəksizliyi və yaramazlığı olaraq görürlər. Halbuki, bu davranışlar uşağın iradəsi xaricindədir. Diqqət əksikliyi və hiperaktivliyi olan uşaqlar özlərini digərlərindən fərqli hesab edirlər. Çünki bu problem uşağın şəxsiyyətinin formalaşmasına və zehni bacarıqlarının inkişafina mənfi təsir göstərir. Uşaqlarınızla bağlı belə hallarla qarşılaşdığınız zaman biganə qalmamaq və mütləq bir mütəxəssisə yönləndirmək lazımdır.